ABŞ və Fransa Türkiyənin Cənubi Qafqazda artan rolundan narahatdır - Elxan Şahiboğlu

14:57 17.11.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Minsk qrupu həmsədrləri uzun illər Qarabağ münaqişəsinin “həlli ilə” məşğul oldu, əslində isə işğalçının nazı ilə oynadı. Həmsədrlər - ABŞ, Fransa və Rusiya özlərinin hazırladığı “Madrid planı”nı Ermənistana qəbul etdirmədi. Nəticədə Azərbaycan qərarını verdi və müharibə başladı. Azərbaycan qalibdir”.

Hafta.az xəbər verir ki, bunu “Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq  Elxan Şahiboğlu ATƏT-in Minsk Qrupunun parçalanmış missiyasının indiki durumu ilə bağlı şərhində bildirib.

Politoloq bildirir ki, bu, Fransa və ABŞ-da bəzi dairələri narahat etsə də, Ermənistanın məğlubiyyətindən çox da kədərlənmirlər. Onları əsas narahat edən Türkiyənin Cənubi Qafqazda artan roludur.

 “Müharibə getdiyi müddətdə danışıqlar prosesində əsas iki dövlət iştirak edirdi – Rusiya və Türkiyə. Məhz bu iki ölkənin rəsmiləri 44 gündə bir-birləri ilə tez-tez telefon danışıqları apardılar və vəziyyətdən çıxış yolları axtardılar. İki həmsədr – ABŞ və Fransanın faktiki oyundankənar vəziyyətdə qalması Rusiyanı da narahat etmirdi. ABŞ və Fransanın Rusiyaya qarşı sayı bəlli olmayan sanksiya qərarı var, münasibətlərində kifayət qədər problemlər var. Ona görə də Moskva müharibə müddətində Paris və Vaşinqtonla hərəkət etməkdənsə Ankaraya ilə dialoqa ehtiyac duydu. Moskva anlayırdı ki, Azərbaycan Vaşiqnton və Parisin çağırışlarını eşitməyəcək, Bakı daim Ankara ilə təmas içində idi”.

E.Şahinoğlu bildirir ki, buna baxmayaraq, artıq Vaşinqton və Paris son günlər “Biz də varıq” deməyə çalışırlar. Onun sözlərinə görə, Parisdə ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Fransanın Xarici İşlər naziri Jan İv Le Drian arasında görüş keçirilib və müzakirənin əsas mövzularından biri də Dağlıq Qarabağ olub.

“Onlar əvvəlkitək həmsədrlik institutunun davamlı gərəkliliyini vurğulayıblar. ABŞ və Fransanın xarici siyasət idarələrinin başçıları atəşkəsin əldə olunmasında Rusiyanın addımlarını qeyd ediblər. Yəni Pompeo və Jan İv Le Drian Rusiyanın addımlarını dəstəklədiklərini deməyiblər, sadəcə, “olan faktı qeyd qeyd ediblər”. Yəni Vaşinqton və Paris qeyri-müəyyən ifadə ilə Rusiyanın atəşkəs nailiyyətini tərifləməkdən çəkiniblər.

ABŞ və Fransanın baş diplomatları sualların qaldığını, ən başlıcası, Türkiyənin rolundan narahat olduqlarını açıq ifadə ediblər. Bu suallara onlar Rusiyadan cavab istəyiblər. Rusiya hər iki həmsədr ölkənin təmsilçilərini məsələni aydınlaşdırmaq üçün Moskvaya dəvət edib. ABŞ və Fransanın baş diplomatları açıq bildiriblər ki, Türkiyənin Şərqi Aralıq, Liviya və Suriyadakı siyasətindən narazıdırlar. Yəni onlar bununla demək istəyiblər ki, Türkiyənin Cənubi Qafqazdakı və Azərbaycandakı fəallığı da onları narahat edir. ABŞ təmsilçisi onu da vurğulayıb ki, Türkiyənin bölgədə hərbi potensialının artmasından narahatdır, elə bil, söhbət Vaşinqtonun NATO üzrə müttəfiqindən getmir.

ABŞ və Fransa təmsilçiləri qeyd ediblər ki, danışıqlar yenidən həmsədrlər çərçivəsində aparılmalıdır. Hiss olunur ki, Rusiya da bunu istəyir. Müharibə müddətində Ankara ilə sıx dialoq içərisində olan Moskva Türkiyənin Cənubi Qafqazda artan rolunu balanslaşdırmaq üçün Vaşinqton və Parisin diplomatik imkanlarından istifadə etməyə maraq göstərə bilər”.

Politoloq bildirir ki, Fransa və ABŞ yenidən meydana qayıtmaq istəyirlər.

“Meydanda hazırda iki əsas oyunçu var – Rusiya və Türkiyə. Əlbəttə, Ermənistan Fransa və ABŞ-ın oyuna qayıtmasını çox istəyir, çünki müharibə boyunca Vaşinqton və Parisdən öz xeyrinə açıqlalamar əldə edirdi. Əsas sual budur: biz bu iki dövlətin yenidən danışıqlar prosesində rol almasını istəyirikmi? Rusiya onsuz da ermənilərdən yanadır, bir də ona daha iki ermənipərəst mərkəzin qoşulmasından nə əldə edəcəyik?”.